Salam,
Bu dəfə Cisco router-lərində DHCP (Dynamic Host Configuration Protocol) server-in quraşdırılmasından bəhs edəcəyik. DHCP server şəbəkədəki avadanlıqlara avtomatik olaraq ip ünvan (ip address), şəbəkə maskası (subnet mask), son çıxış ip ünvanı (default gateway), ip ünvanın istifadə müddəti (lease time) və s. kimi məlumatları paylayır. DHCP prosesi aşağıdakı əsas 6 mərhələdən ibarətdir:
1. Şəbəkə avadanlığı şəbəkəyə DHCP DISCOVER paketini broadcast olaraq yollayır.
2. Şəbəkədə fəaliyyət göstərən DHCP server bu paketi qəbul edir və DHCP OFFERunicast packeti ilə cavab verir. DHCP OFFER packeti ilə şəbəkə avadanlığının şəbəkə ilə məntiqi əlaqə yarada bilməsi üçün lazım olan ilkin məlumatlar (ip ünvan, şəbəkə maskası, son çıxış ip ünvanı və s.) ötürülür.
3. Şəbəkədə eyni anda bir neçə DHCP server fəaliyyət göstərə bilər. Şəbəkə avadanlığı hansı serverlə əlaqə quracağını təyin etmək üçün şəbəkəyə DHCP REQUEST paketini broadcast olaraq yollayır. Bu paketlə şəbəkə avadanlığı bundan əvvəl qəbul etdiyi DHCP OFFER paketində olan məlumatları qəbul edib-etmədiyini bildirir.
4. DHCP server şəbəkə avadanlığına DHCP ACK (acknowledgment) paketini unicast olaraq yollamaqla prosesin bitdiyini bildirir.
5. Şəbəkə avadanlığl ona təklif olunan ip ünvanın artıq şəbəkədə istifadə olunduğunu bilərsə, və ya ona təklif olunan DHCP OFFER paketindəki məlumatların doğru olmadığını təyin edərsə, bu zaman DHCP server-ə DHCP DECLINE unicast paketini yollayır.
6. DHCP server DHCP NACK (negative acknowledgment) göndərməklə DHCP OFFERpacketi ilə yolladığı məlumatları inkar edib, prosesin yenidən başlanmasını tələb edir.
Cisco 2811 model router-də DHCP server-in quraşdırılmasına baxaq:
Susmaya görə (default) DHCP servisi aktivdir. Aktiv olmazsa, aşağıdakı əmr ilə aktivləşdiririk.
2811(config)#service dhcp
Şəbəkənizdəki server, printer və s. kimi avadanlıqlara statik olaraq ip ünvan vermisinizsə, onda DHCP server-ə bu ip ünvanları digər avadanlıqlara paylamamasını bildirmək lazımdır. Bizim halda DHCP server
172.16.1.1
172.16.1.2
172.16.1.3
172.16.1.4
172.16.1.5
172.16.1.6
172.16.1.7
172.16.1.8
172.16.1.9
172.16.1.10
ip ünvanlarını paylamayacaq.
2811(config)#ip dhcp excluded-address 172.16.1.1 172.16.1.10
DHCP hovuz yaradıb, ona ixtiyarı ad təyin edirik. Bizim halda DHCP172. Bu hovuza DHCP server-in paylayacağı məlumatları daxil edəcəyik.
2811#configure terminal
2811(config)#ip dhcp pool DHCP172
2811(dhcp-config)#network 172.16.1.0 255.255.255.0
2811(dhcp-config)#default-router 172.16.1.1
2811(dhcp-config)#domain-name arasdiraq.com
2811(dhcp-config)#dns-server 172.16.1.1
2811(dhcp-config)#lease 1 20 30
DHCP server-in fəaliyyət göstərməsi üçün əsas tələb olunan birinci iki əmrdir. Digər əmrlər ixtiyarı xarakter daşıyır. Sondakı lease əmri ilə DHCP serverin verdiyi məlumatların şəbəkə avadanlığı tərəfindən nə qədər müddətə istifadə olunacağı bildirilir. Bizim halda 1 gün 20 saat 20 dəqiqə kimi təyin edilmişdir. Müddət bitdikdən sonra şəbəkə avadanlığı DHCP server-dən məlumatları yenidən tələb edəcək.
DHCP Server haqqında statistik məlumat əldə etmək üçün aşağıdakı əmri veririk:
2821#show ip dhcp server statistics
DHCP Server-də ip ünvanın hansı avadanlığa verildiyini təyin etmək üçün aşağıdakı əmri veririk:
2821#show ip dhcp binding
DHCP Server-də yaradılmış DHCP hovuz haqqında məlumat əldə etmək üçün aşağıdakı əmri veririk:
2821#show ip dhcp pool
DHCP Server-də konflikt yaratmış ip ünvanları görmək üçün aşağıdakı əmri veririk:
2821#show ip dhcp conflict
DHCP Server-in payladığı ip ünvanlar cədvəlini silmək üçün aşağıdakı əmri veririk:
clear ip dhcp binding { ip ünvan | * } - ip ünvan parametrindən istifadə edərək sadəcə bir ip ünvanı, * parametrindən istifadə edərək bütün ip ünvanları silmək olar.
DHCP Server-də konflikt yaratmış ip ünvanları silmək üçün aşağıdakı əmri veririk:
clear ip dhcp conflict { address | * } - ip ünvan parametrindən istifadə edərək konflikt yaratmış bir ip ünvanı, * parametrindən istifadə edərək konflikt yaratmış bütün ip ünvanları silmək olar.
DHCP Server-də mövcud bütün statistik məlumatı silmək üçün aşağıdakı əmri veririk:
clear ip dhcp server statistics
LÜĞƏT
Uğurlar!
Amal
CCNA/CCNP