Salam,
Bu dəfə Cisco router-lərinin DHCP Relay funksionallığından bəhs edəcəyik. Bildiyimiz kimi, router-lər broadcast paketlərin bir şəbəkədən digər şəbəkəyə ötürülməsinə yol vermir. Bu zaman belə bir sual yarana bilər: Əgər bir şəbəkədə olan avadanlıq digər bir şəbəkədə yerləşən DHCP server-dən şəbəkə ilə məntiqi əlaqə yarada bilməsi üçün lazım olan ilkin məlumatları (ip ünvan, şəbəkə maskası, son çıxış ip ünvanı və s.) almaq istəyirsə, bu proses necə baş verəcək? DHCP haqqında yazılan məqalədən məlumdur ki, DHCP prosesin fəaliyyəti üçün broadcast paketlərin ötürülməsi vacibdir.
Fərz edək ki, PC0 və PC1 DHCP Server-dən şəbəkə ilə məntiqi əlaqə yarada bilməsi üçün lazım olan ilkin məlumatları almaq istəyir. Göründüyü kimi, PC0/PC1 və DHCP Server arasında Baku adlı router fəaliyyət göstərərək, PC0/PC1-dən DHCP Server-ə gedən bütün broadcast paketləri fastetherenet 0/0 interfeysində rədd edir. Bununla da, PC0/PC1 DHCP Server-dən şəbəkə ilə məntiqi əlaqə yarada bilməsi üçün lazım olan ilkin məlumatları ala bilmir. Məhz bunun üçün Cisco router-lərində DHCP Relay funksionallığı təyin edilmişdir. DHCP Relay funksiyası router-in interfeysinə gələn broadcast paketləri unicast paketlərə çevirərək, digər şəbəkəyə ötürür. DHCP Relay funksionallığının konfiqurasiya edilməsinə baxaq. DHCP Server-in ip ünvani 192.168.1.1/24 olarsa, DHCP Relay konfiqurasiyası aşağıdakı kimi olacaq:
1. Konfiqurasiya moduna daxil oluruq:
Baku#configure terminal
2. Router-də PC0/PC1-dən gələn broadcast paketlərin qəbul olunduğu interfeysə daxil oluruq:
Baku(config)#interface fastethernet 0/0
3. DHCP Server-in ip ünvanını qeyd edirik:
Baku(config)#ip helper-address 192.168.1.1
4. Konfiqurasiya modundan çıxırıq:
Baku(config)#end
5. Konfiqurasiyanı başlanğıc konfiqurasiyaya (startup-config) yazırıq:
Baku(config)#write memory
6. Konfiqurasiyanı yoxlamaq üçün show running-config əmrini veririk:
Baku(config)#show running-config
Susmaya görə ip helper-address əmri aşağıdakı UDP protokolundan istifadə edən servislərin fəaliyyətinə imkan verir:
Port 37: Time
Port 49: TACACS
Port 53: DNS
Port 67: DHCP/BOOTP client
Port 68: DHCP/BOOTP server
Port 69: TFTP
Port 137: NetBIOS name service
Port 138: NetBIOS datagram service
Əlavə olaraq, hansısa digər bir servisin fəaliyyətini təmin etmək istəyirsinizsə, konfiqursiya modunda ip forward-protocol udp port number | service name əmrini vermək lazımdır.
Uğurlar!
Amal
CCNA/CCNP