Salam,
Port nömrələri Internet Assigned Numbers Authority (IANA) tərəfindən verilir. IANA müxtəlif ünvanlama standardlarına cavabdeh olan bir qurumdur. Port nömrələri istifadə olunma meyarına görə 3 yerə bölünür:
Əsas (well-known) portlar- 0 – 1023
Qeydiyyata alınmış (registered) portlar – 1024 – 49151
Şəxsi və ya dinamik (private
or dynamic) portlar – 49152 – 65535
Əsas portlar
Bu port nömrələri servis və proqramlar üçün təyin edilir. Bu portlar proqramçılara klient-server yönümlü proqram yazarkən müraciətlərin serverdə hansı proqram və ya servisə yönlədiriləcəyini əvvəlcədən təyin etmək imkan verir. Bu portlara daxil olan TCP portlar bunlardır:
FTP – 21
Telnet – 23
SSH – 22
SMTP – 25
HTTP – 80
POP3 -110
HTTPS – 443 və s.
Bu portlara daxil olan UDP portlar bunlardır:
TFTP – 69
RIP – 520
DNS – 53 və s.
Qeydiyyata alınmış portlar
Bu portlar istifadəçi proseslərinə və ya proqramlarına verilir. Server məqsədləri üçün istifadə edilmədikdə, bu portlar klient tərəfindən dinamik olaraq mənbə portu kimi seçilə bilinər. Bir kompüterdə olan proqram internetdə olan digər bir kompüterdəki proqram ilə əlaqə saxladıqda bu port nömrələrindən istifadə edir. Misal olaraq, Shockwave-in istifadə etdiyi 1626 nömrəli qeydiyyata alınmış portunu göstərmək olar. Bu portlara daxil olan TCP portlar bunlardır:
MSN Messenger – 1863
HTTP – 8080
HTTP – 8008 və s.
Bu portlara daxil olan UDP portlar bunlardır:
RADIUS – 1812
MS SQL – 1433
Cisco SCCP – 2000 və s.
Şəxsi və ya dinamik portlar
Bağlantı yaradarkən klient proqramlarına dinamik olaraq verilən portlardır. Ən çox peer-to-peer fayl paylaşma proqramları bu portlardan istifadə edir.
Bəzən aktiv TCP bağlantılarını müşahidə etmək zərurəti yaranır. Bu zaman Netstat yardımçı proqramı (utility) şəbəkə administratorunun köməyinə gəlir. Netstat aktiv olan protokolu, mənbə ip ünvanı və port nömrəsini, mənsəb ip ünvanı və port nömrəsini, o cümlədən bağlantının vəziyyətini göstərir.
Portlar haqqında əlavə məlumat üçün http://www.iana.org/assignments/port-numbers linkinə müraciət edə bilərsiniz.
Davamı var…
Uğurlar!
Amal
CCNA/CCNP