Salam,
Cümə günü dəyərli dostum Elvin zəng edib, işlədiyi şirkətdə Cisco 2821 model routerin elektrik kəsintisindən sonra qismən işə düşdüyünü söylədi. Razılaşdıq ki, şənbə günü görüşək və problemi birlikdə həll etməyə çalışaq. Şənbə günü hər ehtimala qarşı ehtiyatımda olan Cisco 2811 model routeru da götürüb, Elvinlə görüşə yollandım. Görüşdük və şirkətə yola düşdük. Cisco 2821 model routeru işə saldıq. Əməliyyat sistemi yükləndi. Amma sonda aşağıdakı xəta çıxdı.
Error : compressed image checksum is incorrect 0x4CF2C775
Expected a checksum of 0x0AF95383
Problemin ilk həlli olaraq routerın əməliyyat sisteminin yerləşdiyi fleş yaddaşı dəyişmək oldu. Gətirdiyim Cisco 2811 model routerın fleş yaddaşını Cisco 2821 model routera taxdıq və yenidən işə saldıq. Problem təkrarlandı. Yenə də əməliyyat sisteminin nəzarət dəyəri səhv idi. Buna görə də router normal iş fəaliyyətini başlada bilmirdi. Deməli, problem fleş yaddaşda deyildi. Bir qədər düşündükdən sonra problemin həllini nəzəri olaraq tapdıq. Əməliyyat sistemi fleş adlı yaddaşa köçürüləndə, köçürmə prosesi zamanı baş verə biləcək xətalardan qorunmaq üçün əməliyyat sisteminin nəzarət dəyəri hesablanır və fleş adlı yaddaşda saxlanılır. Router işə düşdükdə isə fleş yaddaşda olan əməliyyat sistemi operativ yaddaşa (RAM) köçürülür. Bunu CCNA kursundan bilirik. Operativ yaddaşa köçürülmüş əməliyyat sistemi üçün də bir nəzarət dəyəri əldə edilir. Əməliyyat sisteminin fleşdəki nəzarət dəyəri operativ yaddaşa köçürülmüş həmin əməliyyat sisteminin operativ yaddaşa köçürüldükdən sonra əldə edilən nəzarət dəyəri ilə eynidirsə, fleş yaddaşdan operativ yaddaşa köçürülmə zamanı heç bir xəta baş verməmişdir. Eyni deyilsə, fleş yaddaşdan operativ yaddaşa köçürülmə zamanı xəta baş vermişdir. Xəta baş vermişsə, aşağıdakı xəbərdarlığa bənzər bir xəbərdalıq alacaqsınız.
Error : compressed
mage checksum is incorrect 0x4CF2C775
Expected a checksum of 0x0AF95383
Problemin səbəbini nəzəri olaraq operativ yaddaşın zədələnməsi kimi qəbul etdik. Elektrik kəsintisi və ya sönüb-yanma zamanı operativ yaddaş qismən sıradan çıxmışdı. Özüm ilə gətirdiyim Cisco 2811 model routerin operativ yaddaşını çıxardıb, Cisco 2821 model routera taxdıq və routeri işə saldıq. Router xətasız işə düşdü. Əməliyyat sistemi və konfiqurasiya faylı normal yükləndi.
Qeyd: Hər hansı bir problemi həll etməyə gedəndə, lazım olacaq və lazım olması ehtimal olunacaq əşyaları da özünüzlə götürməyiniz mütləqdir. Göründüyü kimi Cisco 2811 modeli özümlə problem olan şrikətə gətirməkdə səhv etməmişdim.
Qeyd: CCNA kursunu yaxşı oxuyun.
Uğurlar!
Amal
CCNA/CCNP/CCNA Security/CCAI